SİYASƏT


Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər

Bakı, 19 oktyabr, AZƏRTAC 

Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” partiyasının 3 üzvünün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfəri Avropa ölkələrinin parlamentləri, o cümlədən Almaniya parlamentinin özü tərəfindən ciddi qınaqla qarşılanmalıdır. Çünki həmin səfər dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimin təşəbbüsü, təhriki və dəvəti ilə baş tutub. Təbii, elə bu səbəbdən də dəvət göndərənin ayıbı ilə dəvəti qəbul edənin ayıbı eynidir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat deyib ki, həmin üç nəfər - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Almaniyada elə də müsbət imicə sahib olmayan və nasist fəlsəfəsi ilə tanınan “Almaniya üçün alternativ” partiyasının nümayəndələridir. Nəzərə alsaq ki, elə Paşinyanın və onun əlaltısı Araik Arutunyanın özü də nasist təfəkküründədir, o zaman təəccüb eləməyə dəyməz. Necə deyərlər, eyni mənfur ideologiyanın iki qanadı bir-birinə qovuşub. El dilində desək, tay tayını tapıb. Sadəcə, məsələ burasındadır ki, hazırda Dağlıq Qarabağda gərgin bir atmosfer var. Hamıya da məlumdur ki, Azərbaycan tərəfi öz əzəli torpaqlarını işğaldan azad etməyə çalışır və azad edir. Belə məqamda demokratik ölkəni təmsil etdiyini deyən və düşünən hər kəs, ələlxüsus da xarici parlamentari ya haqqın tərəfində durmalı idi, ya da ən azından neytral mövqe sərgiləməli idi. Bunlar isə hansısa riyakar, qəsbkar, faşist ruhlu birinin təşəbbüsü ilə Almaniyadan yol ölçüb gəliblər Dağlıq Qarabağa, özü də qanunsuz və absurd bir formada. Bu imitasiyalar Paşinyanın növbəti cəhdləridir. Bu üzsüz və simasız adam artıq saman çöpündən yapışıb. Elə bilirdi ki, Soros dayısı ona Avropadakı emissarlarının da qapısını açacaq. Ancaq həmin “bitmiş” dayının buna gücü çatmadı. Paşinyanı kimsə müdafiə etmədi. Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər. Ona görə də erməni diasporunun bir-iki nümayəndəsinin pulları ilə hazırkı mənzərəni yaratmağa cəhd edirlər, məhz pulun müqabilində hansısa parlamentdə faşist tapıb Qarabağa gətirirlər. Lakin Paşinyan neyləyirsə eləsin, faydası olmayacaq. O, uduzacaq. Onunla bərabər isə nasist təfəkkürünə sahib, barmaqla sayılacaq qədər az olan dostları da uduzacaq. Qələbə Azərbaycanındır. Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.