REGİONLAR
Payız mövsümündə Balakəndə 1413 hektar sahədə yeni fındıq bağları salınıb
Balakən, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakəndə kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində zəruri işlər aparılır. Bu ilin payız əkini mövsümündə rayon ərazisində artıq 1413,2 hektar sahədə yeni fındıq bağları salınıb.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Məmməd Şərifov bildirib ki, yeni fındıq bağlarının 726,5 hektarı xüsusi, 442,2 hektarı bələdiyyə, 244,5 hektarı isə dövlət mülkiyyətinə aid torpaq sahələrində salınıb. Payız mövsümünün sonunadək yeni salınan fındıq bağlarının ümumi sahəsinin 1500 hektara çatdırılması planlaşdırılır. Ümumiyyətlə, yaxın illər ərzində rayonda 5 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 4454 hektardır. Bu il bağlardan 3,5 min ton məhsul tədarük olunub.