ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində birinci yarımil təhlil olunur
Bakı, 9 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində 2017-2018-ci tədris ili üzrə birinci yarımilin başa çatması ilə əlaqədar pedaqoji şuraların iclasları təşkil olunur.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, iclasların keçirilməsinin əsas məqsədi birinci yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdir.
Pedaqoji şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.
İclaslarda 2017-2018-ci dərs ilinin birinci yarımili ərzində təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, məktəbdaxili qiymətləndirmələrin nəticələri, dərsə davamiyyət, IX siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, ikinci yarımildə qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunur, müvafiq qərarlar qəbul edilir. Həmçinin fənn müəllimlərini maraqlandıran suallar cavablandırılır.
İclasların sonunda fəaliyyətində fərqlənən müəllimlərə fəxri fərman və təşəkkürnamələr təqdim olunur.