ELM VƏ TƏHSİL


Paytaxt məktəbliləri üçün ekskursiyalar

Bakı, 23 oktyabr, AZƏRTAC 

Paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, ekskursiyalar məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərdə milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaq məqsədlərinə xidmət edir.

Heydər Əliyev Mərkəzi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi, Səməd Vurğunun ev-muzeyi, Azərbaycan Hərb Tarixi Muzeyi, Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi və digər muzeylər məktəblilərin ekskursiya etdikləri məkanlar sırasındadır.

Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları ilə yaxından tanış olurlar. Görkəmli şəxsiyyətlərin şəxsi əşyaları, əlyazmaları məktəblilər tərəfindən maraqla qarşılanır. Şagirdlər muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

Ekskursiyaların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.