CƏMİYYƏT
Paytaxt sakininə xəsarət yetirməkdə şübhəli bilinən Ağdam sakini müəyyənləşdirilərək yaxalanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə sentyabrın 8-də Mircəlal küçəsində naməlum taksi sürücüsünün yer üstündə yaranmış mübahisə zəminində Bakı şəhər sakini Nizami Ağayevin alın nahiyəsinə başı ilə xəsarət yetirib yerə yıxaraq hadisə yerini tərk etməsi, N.Ağayevin aldığı zərbədən hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ağdam rayon sakini Y.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılaraq istintaqa təhvil verilib.