İQTİSADİYYAT
Paytaxtda daha bir poçt şöbəsi yenidənqurmadan sonra istifadəyə verilib
Bakı, 20 dekabr, AZƏRTAC
“Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun yenidən qurulan daha bir poçt şöbəsini istifadəyə verib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı hərbi şəhərcikdə yerləşən 46 saylı poçt şöbəsi “Azərpoçt”un yeni brendinqinə uyğun dizayn edilib. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb.
Yenidənqurmadan sonra sözügedən poçt şöbəsində vətəndaşlar öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə bilirlər.
Qeyd edək ki, poçt şöbəsinin yerləşdiyi hərbi şəhərcikdə minə yaxın insan yaşayır. Hər gün yüzdən artıq vətəndaş o cümlədən, hərbi qulluqçuların özləri və ailə üzvləri şöbənin xidmətindən istifadə edirlər.
Poçt şöbəsində yaradılan şərait onlara ənənəvi poçt xidmətləri ilə yanaşı, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən yararlanmağa imkan verir. Mobil rabitə və bir çox digər xidmətlər üzrə ödənişləri rahatlıqla həyata keçirməyə şərait yaradılıb.
Şöbədə quraşdırılan müasir avadanlıq əlavə vaxt itkisinin qarşısını almağa imkan verir. Poçt şöbəsinin yenidən qurularaq modernləşdirilməsində əsas məqsəd dövlətmiz tərəfindən diqqət və qayğı ilə əhatə olunan hərbiçilərimizə yüksək standartlara uyğun xidmət göstərmək, onların rahatlığını tam təmin etməkdir.