ORDU
Paytaxtın Nizami rayonunda gənclər hərbi xidmətə yola salınıblar
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-ci il aprelin 1-dən etibarən ölkəmizdə gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb.
AZƏRTAC xəbər verir ki, aprelin 19-da paytaxtın Nizami rayonunda çağırışçıların həqiqi hərbi xidmətə yola salınması münasibətilə mərasimi keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi, polkovnik Eldar Tağıyev çıxış edərək, son illərdə gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq sərəncamların icrası istiqamətində rayonda görülən işlərdən danışıb.
E.Tağıyev Vətəni qorumağın hər bir gəncin müqəddəs borcu olduğunu vurğulayaraq, çağırışçılara xidmətdə uğurlar arzulayıb.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva, əsgər atası Qərib Əsgərov hərbi xidmətə yola düşən gənclərə xoş arzularını bildirərək, çağırışçılara hərbin sirlərinə dərindən yiyələnməyi və Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi, lazım gələrsə torpaqlarımızın müdafiəsi uğrunda canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər.
Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov son illər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlardan danışıb, ölkənin hərbi potensialının artdığını, Silahlı Qüvvələrin öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer aldığını qeyd edib.
A.Qasımov ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirib, hərbi xidmətə yola düşən gənclərə Vətənə olan borclarını layiqincə yerinə yetirməyi və Vətənin keşiyində ayıq-sayıq dayanmağı arzulayıb.
Çağırışçılar adından çıxış edən Vüsal Əsgərov Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirib.
Tədbirdə Nizami Rayon Mədəniyyət Mərkəzi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Sonda çağırışçı-gənclərə hədiyyələr təqdim olunub və onlar Azərbaycan bayrağını öpərək musiqi sədaları altında hərbi hissələrə yola salınıblar.