İQTİSADİYYAT
Paytaxtın Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir olunur VİDEO
Bakı, 6 iyun, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunda uzunluğu 860 metr, ortalama eni 10 metr təşkil edən Ələsgər Ələkbərov küçəsi təmir edilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb.
Bundan başqa, layihəyə uyğun küçəyə 1200 poqonometr səki daşının düzülməsi artıq yekunlaşıb. Hazırda küçə boyu köhnə səki daşlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.
Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası və zəruri yerlərdə yenilərinin inşası, 12 yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub.
Ümumilikdə isə agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3,5 kilometr təşkil edən küçələr təmir edilib.