İQTİSADİYYAT
Paytaxtın mərkəzi hissəsinin kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür
Bakı, 15 fevral (AZƏRTAC). Paytaxtın mərkəzi hissəsinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC- a bildirmişlər ki, ötən ilin əvvəlində şəhərin kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan ”Sahil” kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlanılmışdır.
Kollektor Səbail rayonu ərazisində Bakı Əl Oyunları Sarayından Fəhlə prospektindəki Zığ nasos stansiyasınadək uzanır.
Uzunluğu 9,6 kilometr təşkil edən və 13 quyudan ibarət “Sahil” kollektoru 29 illik istismar müddətində böyük lillənmələrə məruz qalmışdır. Bununla əlaqədar, kollektorun müasir texnologiyalarla qum və lildən təmizlənməsi işləri həyata keçirilmişdir.
Bununla yanaşı, Bayıl yaşayış sahəsindəki Gülbala Əliyev küçəsində yeni kanalizasiya kollektorunun çəkilməsi və bu ərazilərdə su və kanalizasiya sistemlərinin yenilənməsi işləri aparılır.