İQTİSADİYYAT
Paytaxtın müxtəlif ərazilərində 26 dayanacaq nişanı yerləşdirilib
Bakı, 13 dekabr, Elvin Camalov, AZƏRTAC
Paytaxtın müxtəlif ərazilərində 26 dayanacaq nişanı yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, sərnişindaşımalarında səmərəliliyin və rahatlığın artırılması məqsədilə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin vətəndaşların və daşıyıcıların avtobus dayanacaq məntəqələri ilə bağlı agentliyə ünvanladıqları müraciətlərə əsasən apardıqları araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda müvafiq olaraq yol nişanları quraşdırılmayıb.
M.Ağayevin sözlərinə görə, vətəndaşların və daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxtəlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib və hazırda bu proses davam edir. İlin sonuna kimi 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər dayanacaqda marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər.
Agentliyin nümayəndəsi qeyd edib ki, dayanacaq nişanlarının quraşdırılması prosesi çərçivəsində Mətbuat prospekti 37a, Mir Cəlal küçəsi 174, 276 və 326, Ziya Bünyadov prospekti 65 və 98, Təbriz küçəsi 30 və yolun əks istiqamətində - 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib.