ELM VƏ TƏHSİL
Paytaxtın üç rayonu üzrə səyyar qəbul keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Sabunçu, Pirallahı, və Xəzər rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədilə keçirilir.
Qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.