ELM VƏ TƏHSİL
Pedaqoji Universitet Türkiyə ilə təhsil sahəsində əlaqələrini genişləndirir
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Ankara Regional Milli Təhsil İdarəsinin müdiri Turan Akpınar, İstanbul Regional Milli Təhsil İdarəsinin müdiri Levent Yazıcı, İzmir Regional Milli Təhsil İdarəsinin müdiri Ömer Yahşi ilə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor ADPU-nun tarixi barədə məlumat verib. Qeyd edib ki, 1921-ci ildə yaradılan universitet ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında mühüm rol oynayıb. Universitetin 150 mindən çox məzunu olub. Son illər ölkəmizdə müəllim hazırlığının daha da genişləndirilməsi üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzu yüksəlib. Əgər 3 il əvvəl 500-dən çox bal toplayan 3 gənc ADPU-nu seçmişdisə, 2018-2019-cu tədris ilində 500-dən çox bal toplayan 566 gənc ali təhsil almaq üçün ADPU-nu seçib. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, onların əməkhaqqı artırılıb, məktəblərin infrastrukturu yenilənib. Biz ADPU-nun yenilənməsi, müasirləşməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, beynəlxalq əlaqələrin genişləndirilməsinə də xüsusi önəm veririk. Türkiyə universitetləri ilə əlaqələrimizin genişləndirilməsi üçün səmərəli fəaliyyəti gerçəkləşdiririk.
Türkiyəli qonaqlar qeyd ediblər ki, müəllimlik şərəfli, müqəddəs və məsuliyyətli peşədir. ADPU bu şərəfli və müqəddəs peşə sahiblərinin hazırlanması missiyasını uğurla həyata keçirir.
Görüşdə ADPU-nun Türkiyə ilə təhsil sahəsində əlaqələrinin daha da genişləndirilməsi və gələcək əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib.