ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə tədqiqatçılar üçün elektron kursların təqdimatı
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində tədqiqatçılar üçün hazırlanmış elektron kursların təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi bu layihənin iki əsas cəhəti var. Birincisi, doktorantura təhsilinin müasirləşdirilməsinə töhfə vermək üçün elektron kursların yaradılması və ondan istifadənin təmin edilməsi, ikincisi, ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsidir.
Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov layihənin tədqiqatçıların inkişafına, onların yeni məlumatlara yiyələnməsinə şərait yaradacağını qeyd edib.
Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov elektron kurslar haqqında təqdimatla çıxış edib. Bildirib ki, tədqiqatçılar layihənin fəaliyyət planına görə “Tədqiqat metodologiyası”, “Məlumatların idarə edilməsi”, “Elmi məqalələrin yazılması və nəşri, “Sahibkarlıq və startap”, “Texnoloji transfer və kommersiyalaşdırma” mövzularında 5 elektron kursdan birini seçə bilərlər. Kurslar Edumedia-Azərbaycan şirkəti tərəfindən hazırlanan “Sərbəst Öyrənmə Portalı” DemoX platforması vasitəsilə martın 2-dən aprelin 30-dək onlayn şəkildə həyata keçiriləcək.
Qeyd olunub ki, portal Azərbaycan dilində, audio və video materiallar, məqalə və tapşırıqlar isə ingilis dilindədir. Hər həftənin sonunda tələbələr tərəfindən icra olunmuş tapşırıqlar, suallara verilən cavablar qiymələndiriləcək və elektron kursu uğurla başa vuranlara universitet tərəfindən sertifikat veriləcək.
Sonda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.