ELM VƏ TƏHSİL
Pedaqoji mühazirələr keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumtəhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaqdır.
BŞTİ-nin əmrinə əsasən, pedaqoji mühazirələrin martda rayon, apreldə şəhər mərhələsi keçiriləcək. May ayında isə 15 ən uğurlu mühazirə ölkə mərhələsinə təqdim olunacaq.
Təhsil İdarəsi tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə işçi qrupu yaradılıb.
Pedaqoji mühazirə iştirakçıları münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndiriləcək. Mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı mövzular üzrə keçiriləcək.
Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaq.