SİYASƏT
Pekində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO
Pekin, 29 may, AZƏRTAC
Azərbaycanın Çindəki səfirliyi 28 May – Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa dövrdə böyük nailiyyətlərə imza atdığını, siyasi, iqtisadi sahələrdə islahatlar həyata keçirdiyini, bir çox ölkələrdən də əvvəl qadınlara seçki hüququnu təmin etdiyini deyib.
Səfir bildirib ki, AXC-nin hüquqi, siyasi və mənəvi varisi olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistanın hərbi təcavüzü də daxil olmaqla, çətin vəziyyətlə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmiz ağır dövrünü arxada qoyaraq inkişaf yoluna qədəm qoydu. Qeyd edib ki, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, beynəlxalq arenada mövqeləri güclənir.
Səfir Əkrəm Zeynallı tarixi kökləri qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin əlaqələrinin hazırda bütün sahələr üzrə dinamik inkişaf etdiyini, bu münasibətlərin qarşılıqlı hörmət və etimada söykəndiyini deyib.
Azərbaycanın Çin ilə əlaqələrə böyük önəm verdiyini bildirən səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını yada salıb, səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilmiş görüşün iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Diplomat ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizədə bir-birinə dəstək verdiyini xatırladıb.
Səfir Ə.Zeynallı ötən ilin payızında 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini, Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatda kommunikasiyaların açılması sayəsində regionda sülh və əməkdaşlığın təmin olunmasına razılaşdıqlarını bildirib.
Diplomat Ermənistanın 30 illik işğalı dövründə bütün infrastrukturu dağıtdığını və əraziləri minalarla çirkləndirdiyini vurğulayaraq, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpasına başladığını deyib.
Çin xarici işlər nazirinin müavini U Cianhao dost Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Nazir müavini Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında siyasi sabitliyə və sürətli iqtisadi inkişafa nail olduğunu bildirərək, Çinin yaxın dost və tərəfdaş ölkə kimi Azərbaycanın bu uğurlarına sevindiyini diqqətə çatdırıb. O, İlham Əliyevin liderliyi və zəhmətkeş xalqımızın səyləri ilə Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını deyib.
Çin rəsmisi ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizədə qarşılıqlı dəstək nümayiş etdirdiklərini, Prezident İlham Əliyevin Uhandakı böhran dövründə ÇXR Sədri Si Cinpinə dəstək məktubu göndərdiyini, həmin çətin günlərdə Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının dəstək əlaməti olaraq Çin bayrağı ilə işıqlandırılmasını məmnunluqla xatırladıb.
U Cianhao pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafının davam etdiyini, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində məhsuldar nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Buna misal olaraq, cari ilin birinci rübündə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb, Çindən Azərbaycandan keçməklə Avropa istiqamətində dəmir yolu marşrutlarının sayı çoxalıb.
İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıran Çin rəsmisi 2021-ci ilin hər iki ölkə üçün əlamətdar olduğunu deyib. Bu il Çin Kommunist Partiyasının yaranmasının 100-cü, Azərbaycanın müstəqilliyinin bərpasının isə 30-cü ildönümüdür.
U Cianhao dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı niyyətlərinin həyata keçməsi, siyasi etimadın möhkəmləndirilməsi, qarşılıqlı dəstəyin gücləndirilməsi, “Bir kəmər, bir yol” əməkdaşlığının dərinləşdirilməsi, ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması istiqamətində Çinin Azərbaycanla işləməyə hazır olduğunu bildirib.
Sonra Azərbaycan haqqında film və Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalından hissələr nümayiş olunub.
Ziyafətdə milli mətbəximizin təamları, o cümlədən plov, dolma, kabab, qutab, Azərbaycan istehsalı olan şərablar təqdim edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin