CƏMİYYƏT
Pekində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin media nümayəndələrinin toplantısı keçirilir VİDEO
Pekin, 25 oktyabr, AZƏRTAC
Pekində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin aparıcı media qurumlarının nümayəndələrinin toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, toplantı çərçivəsində media nümayəndələri ilə bir sıra görüşlər də keçirilib. ŞƏT ölkələrinin KİV nümayəndələri Çin Xalq Respublikası Dövlət Şurasının Mətbuat Departamentində və Xarici İşlər Nazirliyində olublar.
Media qurumlarının nümayəndələri ilə təşkil edilən sayca üçüncü görüşün əhəmiyyətinə toxunan Çin rəsmiləri bu əməkdaşlığın ŞƏT-in inkişafı üçün ən mühüm addımlardan biri olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, ŞƏT ölkələrinin media orqanları arasındakı informasiya mübadiləsi daha da intensivləşməli, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı maraq doğuran layihələr həyata keçirilməlidir. Dostluq, etimad, bərabərlik, tarixə və mədəniyyətlərə hörmət bu əlaqələrin prioriteti olmalı, “Şanxay ruhu” müxtəlifliyi və ümumi inkişafın təşviqini əks etdirməlidir.
Dialoq formatında keçirilən görüşlərdə ŞƏT ərazisində medianın inkişafında qarşıya çıxa biləcək çətinliklər, onların həlli mexanizmləri müzakirə edilib. Qazaxıstan, Rusiya, Türkmənistan, Qırğızıstan, Tacikistan, Azərbaycan da daxil olmaqla, ümumilikdə, 20-dək ölkədən olan jurnalistlər ŞƏT ölkələrində siyasi, iqtisadi, texnoloji və s. sahələrdə görülən işlər, medianın inkişaf trendləri, KİV və dövlət arasında əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüşlərdə ŞƏT-in dialoq üzrə tərəfdaşı olan Azərbaycandan AZƏRTAC-ın əməkdaşı Aygün Həsənova iştirak edir.