DÜNYA
Pekinə gələn əcnəbilərin COVID-19-a yoluxmasını müəyyən etmək üçün seroloji test keçiriləcək
Pekin, 23 yanvar, AZƏRTAC
Pekində dekabrın 10-dan sonra xarici ölkələrdən gələnlərin hamısının COVID-19 infeksiyasına yoluxub-yoluxmadığını müəyyən etmək üçün seroloji test prosesi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Pekin hökuməti son günlər şəhərin Dasin rayonunda yeni COVID-19 ocağının aşkarlanmasının xaricdən gələnlərə əlaqəli olmasını araşdırmaq məqsədilə belə qərar qəbul edib. Pekində 4 milyon nəfəri əhatə edən kütləvi burun-boğaz yaxma testinin yoluxma zəncirini müəyyənləşdirmədiyini bildirən səlahiyyətli qurumlar bu səbəbdən koronavirusa qarşı bədəndə qoruyucu zülalların (anticisimlərin) aşkar edilməsinə yönələn seroloji testlərin aparılmasını vacib hesab edir.
Çin hökuməti paytaxt Pekində virusun yayılmasına qarşı mübarizəyə daha ciddi yanaşır. Mübarizə tədbirləri çərçivəsində Pekinə xaricdən gələnlər üçün tətbiq olunan 14 günlük karantin dövrü son günlər aşkarlanan yoluxmalar səbəbindən 2 dəfə artırılıb. Hazırda Pekinə ölkə xaricindən gələnlər mehmanxanalarda 14 gün öz hesabına karantin dövrünü keçməklə yanaşı, 7 gün yaşadığı yerdə özünü təcrid etməlidir. Səhiyyə qurumları əlavə 7 gün də həmin şəxsin sağlamlıq vəziyyətini nəzarətdə saxlamalıdır.
Qeyd edək ki, yanvarın əvvəlindən başlayaraq Pekin də daxil olmaqla, Çində COVID-19 infeksiyasına yoluxmalar çoxalıb. Bura həm ölkə daxilində baş verən yoluxma halları, həm də xaricdən gələnlərdə virusun aşkarlanması daxildir. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka Çinin materik hissəsində 107 təsdiqlənmiş, 99 asimptomatik yoluxma aşkarlanıb. Daxili yoluxmalar Heyloncian, Hebey, Cilin vilayətlərində, Pekin və Şanxay şəhərlərində aşkarlanıb. Çində ötən sutka 17 hal da daxil olmaqla, indiyədək 4589 xarici mənşəli yoluxma aşkarlanıb. Onlardan 293 nəfəri hazırda tibb məntəqələrində həkim nəzarətindədir. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin