CƏMİYYƏT
Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində yoluxucu xəstəliklərin qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyi icra etdiyi “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun məsul əməkdaşlarının və İctimai Birliyin nümayəndələrinin iştirak etdikləri tədbirdə yoluxucu xəstəliklər, onlara yoluxma hallarının qarşısının alınması, profilaktik qabaqlayıcı tədbirlər, sağlam davranış qaydalarının formalaşması barədə məhkum qadınlara ətraflı məlumat verilib. Tədbirə dəvət olunan peşəkar həkimlər mövzu ilə bağlı məhkum qadınları maraqlandıran sualları cavablandırıblar.
Məhkumlar arasında maarifləndirmənin davamlılığını təmin etmək və əhatə dairəsini genişləndirmək məqsədilə onlara layihə çərçivəsində xüsusi dizaynla hazırlanan və viruslu hepatitlərə yoluxma yollarını əks etdirən nəşrlər paylanıb.