SİYASƏT
Pentaqonda kontr-admiral Cob Körbi jurnalistlərin suallarına cavab vermişdir
Vaşinqton, 3 may (AZƏRTAC). Pentaqonda ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, kontr-admiral Con Körbinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Kontr-admiral brifinqdə ikitərəfli münasibətləri müzakirə etmək üçün aprelin 29-da Vaşinqtona gəlmiş Çexiya və Estoniya müdafiə nazirlərinin rəsmi səfəri ilə bağlı bəyanatla çıxış etmişdir. Sonra o, Ukraynada vəziyyət, ABŞ-ın Filippinlə hərbi əməkdaşlığı və Əfqanıstanda Amerika qoşunlarının statusu barədə jurnalistlərin suallarına cavab vermişdir. Əfqanıstanda koalisiya qoşunları üçün qeyri-döyüş materiallarının 40 faizinin Azərbaycan ərazisindən daşınması faktını vurğulayan AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı Ukraynada vəziyyətlə əlaqədar Şimal Paylaşdırma Şəbəkəsinin cənub marşrutunun əhəmiyyətinin artması və Pentaqonun şəbəkənin cənub marşrutu ilə logistik hərəkətin həcminin genişlənməsi xüsusunda proqnozları barədə sual vermişdir. Kontr-admiral demişdir ki, logistika və ehtiyatların artırılması barədə suala, yaxşı olar, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri komandanlığının başçısı general Cozef Danford cavab versin, çünki Ukraynada vəziyyətlə əlaqədar Əfqanıstandan maddi resursların Şimal Paylaşdırma Şəbəkəsi ilə daşınmasında hər hansı dəyişikliklər barədə mətbuat xidmətində informasiya yoxdur. Pentaqonun mətbuat katibi sonda demişdir: “Xüsusən, Əfqanıstandan qoşunları çıxardığımız bir vaxtda biz bu prosesi diqqətlə izləməyə davam edirik”.