MƏDƏNİYYƏT
“Perpendikulyar həqiqətlər” – “Artım”ın növbəti sərgisi belə adlanır
Bakı, 1 fevral, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında “Perpendikulyar həqiqətlər” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “Artım rooms” layihəsinin üçüncü sərgisində rəssamlar - Samir Ələkbərli, Vüsal Əhmədov, Aytən Qəribli və Şeyda Allahverdiyeva, Murad Əkbərli, Günel Axundlu və dramaturq İsmayıl İmanın (teatr rejissoru Tərlan Rəsulovla birgə) müstəqil layihələri təqdim olunur. Rəssamlar sərgilənən əsərlər vasitəsilə kvant fizikası qanunlarının təsiri, insanın daxili gücü və çətinlikləri haqda fərziyyələr, adət-ənənələrin interpretasiyası və region həyatının refleksiyası haqqında mövzulara fərqli baxış təklif edirlər.
Samir Ələkbərlinin “Kufikubizm” instalyasiyası Şirvanşahlar saray kompleksinin divanxanasının giriş divarında kufi xətti ilə “Allahu əkbər” əks olunmuş medalyona istinad edir. Dəqiq həndəsi hesablamalar əsasında yaradılan bu ornament, Rubik kubu vasitəsilə üçölçülü şəkildə təqdim olunur.
Rəssam Murad Əkbərlinin ekspressionistik tabloları, onun yaradıcılığında bir müddət əvvəl başlayan “yaşıl” mərhələsinin bir parçasıdır. Rəngkarlıq vasitəsilə ətrafında baş verən hadisələri əks etdirən rəssamın hər tablosu ayrı-ayrılıqda bir hekayədir. Onun “Leyli və Məcnun” instalyasiyası Nizami Gəncəvinin eyniadlı poemasına olan müasir alleqoriyadır.
Vüsal Əhmədovun məcazi mənalı “Atalar üçdən deyib” instalyasiyası tamaşaçı qarşısında fəlsəfi suallar qoyaraq, indiki zamanın gələcəyin ən ideal formasına vizual keçidini nümayiş etdirməyə çalışır. Rəssamın mövzuya olan subyektiv yanaşması onun materiallar seçiminə də təsirini göstərib.
Aytən Qəribli və Şeyda Allahverdiyevanın birgə yaratdıqları “İncə xətt” interaktiv instalyasiya kvant fizikası qanunlarına əsaslanaraq gələcəyin keçmişə necə təsir etməsini vurğulayır.
İsmayıl İmanın “Əlaltı vasitələrlə səni necə xoşbəxt etməli” perfomansı baş qəhrəmanın bir neçə monoloqu üzərində qurulub. Tamaşanın əsas mahiyyəti müasir insanın “təcridolma” üsullarını araşdırır.
Günel Axundlunun “Mənbə” videoinstalyasiyası insan şüurunun gücünü dörd ünsür vasitəsilə açıqlamağa çalışır. Məkana uyğunlaşan instalyasiyasında rəssam ünsürlərdən antropomorfik element yaratmağa çalışır.