DÜNYA


Peruda avtobus qəzası: 8 nəfər ölüb, 49 nəfər yaralanıb

Bakı, 19 aprel, AZƏRTAC

Peruda sabiq prezident Alan Qarsiyanın partiyasının üzvlərini dəfn mərasiminə aparan avtobus qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, “El Comercio” portalının yaydığı məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 49 nəfər yaralanıb. Partiya xadimləri aprelin 17-də korrupsiya işi üzrə həbs olunarkən intihar etmiş Alan Qarsiyanın dəfninə gedirdilər.

Faciə bu gün səhər saatlarında Lima rayonunda baş verib. Amerika xalq inqilabı alyansının nümayəndə heyətini aparan avtobus körpüdə maneəyə çırpılıb. Avtobusda ümumilikdə 54 sərnişin olub. Zərər çəkənlərdən 6-sı ağır vəziyyətdədir.

Xatırladaq ki, aprelin 17-də polislər Qarsiyanın Limanın Miraflores rayonundakı evinə gələrək onu həbs etməyə cəhd göstəriblər. Bu zaman sabiq prezident vəkilinə zəng etmək adı ilə otağa keçərək intihar edib. Başından yaralanmış Qarsiya xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1985-1990 və 2006-2011-ci illərdə Peruya rəhbərlik etmiş eks-prezidentin ölümü ilə əlaqədar ölkədə üç günlük milli matəm elan olunub.

Alan Qarsiya Braziliyanın Odebrecht tikinti şirkətinin işi üzrə korrupsiyada şübhəli bilinirdi. Ötən ilin noyabrında məhkəmə onun 18 ay müddətində ölkədən çıxmasına qadağa qoymuşdu. İstintaqın fikrincə, sabiq prezident şirkət üçün əlverişli müqavilə bağlanmasına kömək müqabilində 100 min dollar ala bilərdi. Təqsirini inkar edən sabiq dövlət başçısı 2018-ci il noyabrın 17-dən dekabrın 3-dək Uruqvay səfirliyində gizlənmişdi. Lakin ona sığınacaq verilməsindən imtina olunmuş və bundan sonra Qarsiya səfirliyin iqamətgahını tərk etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.