DÜNYA
Peruda nazir növbədənkənar peyvənd olunduğu üçün istefa verib
Bakı, 15 fevral, AZƏRTAC
Perunun xarici işlər naziri Elizabet Astete Çinin “Sinopharm” vaksininin ilk dozasını klinik sınaqlardan və milli immunizasiya proqramından öncə vurdurduğu üçün istefa verib.
AZƏRTAC bu barədə ANDINA informasiya agentliyinə istinadla xəbər verir. “Mən ciddi səhv etdiyimi anladım. Bu səbəbdən vaksinin ikinci dozasından imtina etdim və istefa verdim”, - deyə o, “Twitter” səhifəsində yazıb.
Elizabet Astetenin sözlərinə görə, onu peyvənd olunmağa dekabr-yanvar aylarında koronavirus testləri müsbət çıxan rəsmi nümayəndələrlə görüşməsi sövq edib.
Bu ərəfədə Peru Prezidenti Fransisko Saqasti hələ vəzifədə olarkən peyvənd vurduran sabiq dövlət başçısı Martina Viskarra ətrafında yaranan qalmaqal səbəbindən ölkənin səhiyyə naziri Pilar Massettinin istefasını qəbul etdiyini bildirib.
Qeyd edək ki, yanvar ayının əvvəlində Peru hökuməti 38 milyon vaksin dozası alınması üzrə Sinopharm kompaniyası ilə müqavilə imzalayıb. 300 min dozadan ibarət ilk vaksin partiyası bir həftə öncə Peruya gətirilib və fevralın 9-da ölkədə COVID-19 infeksiyası əleyhinə vaksinasiya proqramı start götürüb. Proqram çərçivəsində, ilk növbədə, yoluxma riski daha yüksək olan tibb işçiləri peyvənd ediləcək.
Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək Peruda 1 milyon 235 mindən çox insan koronavirusa yoluxub, 43 min 703 nəfər həyatını itirib.