ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzində çalışacaq mütəxəssislər Koreyada texnoloji təcrübə keçirlər
Bakı, 6 dekabr, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzində çalışacaq mütəxəssislər həmin ölkədə təqaüd təlimində iştirak edirlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimlər Koreyanın Chung-Nam Milli Universitetində və böyük sənaye müəssisələrində təşkil olunur. Təlim zamanı iştirakçılara Koreyada peşə təlimi və iqtisadi inkişaf arasında əlaqə, peşə təlimi sisteminin inkişafı, peşə təhsili müəssisələrinin idarə olunması, kvalifikasiya sınağının həyata keçirilməsi, milli sertifikatların tətbiq edilməsi, milli kompetensiya standartları və onların inkişafı barədə məlumat verilir, mövzular ətrafında geniş müzakirələr aparılır.
Mütəxəssislər, həmçinin texnoloji təcrübədə iştirak edirlər.
Təlimin sonunda iştirakçılar Chung-Nam Milli Universitetinin sertifikatını əldə edəcəklər.
Təlim proqramı gələn il fevralın 22-dək davam edəcək.