ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzində keçirilən “Startap günləri” yekunlaşıb
Bakı, 22 aprel, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılan “Startap günləri” yekunlaşıb.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə öncə gənc startapçılar üçün mentor təlimi keçirilib. Sonra isə ekspertlər 5 startap komandasının hazırladığı layihələri qiymətləndiriblər.
Sonda ekspertlərin səs çoxluğu ilə 3 komanda qalib elan olunub. Qaliblərə diplom, sertifikat və hədiyyələr təqdim edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Semral Əliyev, Azərbaycan İnternet Forumunun eksperti Rüstəm Həsənov, Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rəşad Əliyev, Sərvər Cəfərov, Camal Eminov, “Sinam” şirkətinin nümayəndəsi Fuad Salmanov iştirak ediblər.