ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 11000 nəfəri keçib
Bakı, 21 avqust, AZƏRTAC
2019-2020-ci tədris ili üçün peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 11000 nəfəri keçib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müraciət edənlər aşpaz, dərzi, aqroservis mütəxəssisi, kompüter operatoru, heyvandarlıq mütəxəssisi, elektrik montyoru, elektrik qaz qaynaqçısı, turizm təşkilatçısı, xalçaçı, turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisaslarına üstünlük veriblər.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.