İQTİSADİYYAT


Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

Bakı, 5 dekabr, AZƏRTAC

“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) arasında təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr üçün təşkil edilən növbəti “Təqaüd proqramı” layihəsinin qalibləri müəyyənləşib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, qurumun Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal sahəsində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və müsabiqə qalibləri iştirak ediblər. Mükafatlandırma mərasimində “Təqaüd proqramı” layihəsi haqqında ətraflı məlumat verilib, layihənin dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə təsis edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzinə qəbul olunan, 2022-2023-cü tədris ili üzrə “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “Torna və frezer dəzgahların operatoru”, “Kimyəvi analiz laborantı”, “Çilingər-santexnik”, “Elektrik qaz qaynaqçısı”, “Dağ mədən işləri üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərən 9 tələbə “AzerGold” təqaüdünün qalibi olub.

İdarə Heyəti sədrinin müavini qaliblərə təltifnamə və xatirə hədiyyələri təqdim edib, tələbələri “AzerGold” təqaüdü qazanmaları münasibətilə təbrik edib, onlara təhsil və gələcək karyera həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki, peşə təhsili üzrə artıq 2-ci ildir təşkil edilən “Təqaüd proqramı” layihəsində qalib gələn tələbələrin sosial müdafiəsinə dəstək məqsədilə 9 ay müddətinə hər ay 200 AZN olmaqla, ümumilikdə 1800 AZN məbləğində təqaüd ayrılıb. Həmçinin layihədə iştirak edən tələbələr “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanı qazanıblar.

Xatırladaq ki, “AzerGold” QSC və PTDA arasında 2020-ci il mayın 19-da bağlanmış Anlaşma Memorandumu və təsdiqlənmiş Fəaliyyət planına uyğun olaraq ilk dəfə ötən il elan edilən “Təqaüd proqramı” layihəsini müvəffəqiyyətlə başa vurmuş 17 tələbədən 4 nəfəri artıq “AzerGold” QSC-də işlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.