ELM VƏ TƏHSİL
Peşəkar mühasib sertifikatının verilməsi üçün keçiriləcək imtahanlarda iştirak edəcək namizədlərin nəzərinə
Bakı, 12 sentyabr, AZƏRTAC
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
1. Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
2. Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
3. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – I səviyyə PMS;
4. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – II səviyyə PMS.
Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə sertifikat növündən asılı olaraq büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.
Namizədlərə biliklərin yoxlanması üçün imtahanın hər bir mərhələsi üzrə 40 test tapşırığı təqdim ediləcək.
Birinci mərhələ (mühasibat uçotu) üzrə 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlar olacaq. Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarının 8-i 5 balla, 2-si 10 balla qiymətləndiriləcək.
İkinci mərhələ (qanunvericilik) üzrə 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlar olacaq. Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırığının hər biri 10 balla qiymətləndiriləcək.
Qanunvericilik üzrə test tapşırıqlarının sayı sertifikat növünə görə aşağıdakı kimi bölünür:
Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS:
-Vergi qanunvericiliyi - 20 test tapşırığı:15 qapalı tipli, 5 açıq tipli;
-Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı;
-Mülki qanunvericilik -15 qapalı tipli test tapşırığı;
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və II səviyyə PMS:
-Vergi qanunvericiliyi - 20 test tapşırığı:15 qapalı tipli, 5 açıq tipli;
-Büdcə qanunvericiliyi- 10 qapalı tipli test tapşırığı;
-Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı;
-Mülki qanunvericilik - 5 qapalı tipli test tapşırığı.
İmtahanın hər mərhələsi üzrə toplanılası mümkün maksimum bal 100 baldır.
İmtahanların hər bir mərhələsinin davametmə müddəti 3 saatdır.
Namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə DİM hər bir sertifikat növü üzrə imtahan proqramlarını təqdim edir. Proqramlarla DİM-in saytında verilmiş müvafiq linkdən tanış olmaq mümkündür.
DİM namizədlərin nəzərinə çatdırır ki, müvafiq standartlarla və mühasibat uçotu üzrə qanunvericilik aktları Maliyyə Nazirliyinin (http://maliyye.gov.az/) internet səhifəsində, bu və ya digər qanunvericilik aktları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasında (http://www.e-qanun.az/) yerləşdirilib.
Qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq müvafiq proqramlara düzəliş və əlavələr olunacaq. Eyni zamanda, imtahanların məzmunu, keçirilməsi və bununla əlaqədar digər zəruri məlumatlar da mütəmadi olaraq DİM-in internet səhifəsində yerləşdiriləcək.
İmtahan iştirakçılarına bunu nəzərə alaraq DİM-in internet səhifəsini və yuxarıda göstərilən internet səhifələrini mütəmadi olaraq izləməsi tövsiyə olunur.
Qeyd: İmtahanlarda iştirak etmək istəyən namizədlərin daha ətraflı məlumat əldə etmək məqsədilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə yaxından tanış olmaları məqsədəuyğundur.