ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatının verilməsi və sertifikat almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarını imzalayıb.

Qaydalara əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Mərkəz bu Qaydalar ilə müəyyən edilmiş sertifikatların hər bir növü üzrə imtahanlar üçün tapşırıqlar toplusunu və imtahanların aparılması texnologiyasını Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir. DİM peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili ilə əlaqədar imtahanların qrafikini müəyyənləşdirir, tapşırıqlar toplusunu mütəmadi olaraq ekspertizadan keçirir, hər il ən azı 20 faiz yeniləyir və bu Qaydalara uyğun olaraq təsdiq edir. Bununla yanaşı, DİM tapşırıqlar toplusuna dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir, imtahan tarixindən ən azı bir ay əvvəl sənəd qəbuluna dair elan verir və sənədləri qəbul edir. Habelə imtahanın nəticəsi üzrə 15 gün müddətində müvafiq peşəkar mühasib sertifikatlarını verir. Eləcə də imtahanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərlə bağlı məsələlərə baxır və həll edir, imtahanın keçirilməsinə 10 gün qalmış peşəkar mühasib sertifikatı almaq üçün imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır, imtahanların qrafikini və imtahanda iştirak edəcək, namizədlərin siyahısını internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır, imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir, imtahan nəzarətçilərini müəyyən edir.

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir. Qaydalarda mühasibat uçotu suallarının tərtib edildiyi standartlar da əksini tapıb.

Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir.

Nazirlər Kabinetinin müvafiq qərarında, həmçinin peşəkar mühasib sertifikatı blankının uçotunun aparılması, peşəkar mühasib sertifikatı blankının spesifikasiyası məsələləri əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.