ELM VƏ TƏHSİL
“Peşəkar ol” layihəsi üzrə təlimlərə qeydiyyat bu gün yekunlaşır
Bakı, 10 may, AZƏRTAC
“Peşəkar ol” layihəsi üzrə təlimlərdə iştirak etmək üçün qeydiyyat mayın 10-da başa çatır.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 12 akademik saatı əhatə edən təlimlər pedaqoji fakültələrdə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar üçün nəzərdə tutulub.
Təlim zamanı iştirakçılar “Müasir təhsilin fəlsəfəsi”, “Sinfin idarə edilməsi”, “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”, “Rabitəli nitqin inkişafı”, “Öyrətmə və öyrənmənin xüsusiyyətləri”, “Müəllimlərin işə qəbulu prosesi haqqında” və “Fənn kurikulumlarının xüsusiyyətləri” mövzularında məlumatlandırılacaq.
Layihənin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, onlarda qeyri-standart təfəkkürü inkişaf etdirmək, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir. Təlimi bitirən iştirakçılara Təhsil İnstitutu tərəfindən sertifikatlar veriləcək.
Təlimin başlanma vaxtı tələbələrlə qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.