ELM VƏ TƏHSİL
Peşəyönümü işinin təbliği istiqamətində tədbirlər davam edir
Bakı, 19 aprel, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, istehsalat təlim ustaları və müəllimlərdən ibarət işçi qrupunun üzvləri təbliğat və təşviqat məqsədilə Xətai rayonunda yerləşən orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri ilə görüşlər keçirirlər. Təbliğat qrupu 86 və 254 saylı tam orta məktəblərdə mərkəzin maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından qaynaqlanırdı. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.