CƏMİYYƏT
Pirallahıda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Pirallahı rayonundakı 186 nömrəli tam orta məktəbdə "QİÇS – cəmiyyətin artan bəlasıdır" şüarı altında maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər. Tədbiri giriş sözü ilə Pirallahı Rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov açaraq QİÇS-in pandemiyasını dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olduğunu qeyd edib, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamılıqla mübarizə aparmağın, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməyin vacibliyini vurğulayıb.
Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşı Bəhruz Musayev, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov və 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elxan Süleymanov çıxış edərək QİÇS xəstəliyinə qarşı mübarizənin aktual məsələlərdən biri olduğunu söyləyiblər.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallara cavablar verilib.