REGİONLAR
Pirotexniki və tezalışan maddələr satan Masallı sakini saxlanılıb
Masallı, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Daxili işlər orqanları əhalinin istirahətinə maneə yaradan və təhlükə mənbəyi olan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri profilaktik tədbirlər zamanı rayon sakini Elçin Hacıyevin Masallı şəhəri ərazisində yerləşən, özünəməxsus mağazada yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışını gizli şəkildə təşkil etdiyi müəyyənləşdirilib.
Mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Elçin Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.