ELM VƏ TƏHSİL
Piteşti Universitetinin prorektoru ADU-da rumın dilinin tədrisinə önəm verilməsini yüksək qiymətləndirib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Kamal Abdulla qonaqlara öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdıqlarına görə minnətdarlığını ifadə edib. O, ADU-nun rumın dili və mədəniyyəti mərkəzinin müəllim və tələbə heyətinin Rumıniya universitetlərinə ezamiyyətinin təşkil ediləcəyinə əminliyini bildirib. Rektor mərkəzin fəaliyyətindən razı qaldığını və birlikdə yüksək səviyyəli işlərin görüldüyünü diqqətə çatdırıb. Rumıniya kimi böyük mədəniyyətə və tarixə malik ölkə ilə əlaqələrin inkişaf etdirilməsinin şərəf olduğunu deyən rektor tələbələrin yaradılan fürsətdən səmərəli istifadə etmələrini arzulayıb. Piteşta Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasında rumıniyalı tərəfdaşların yardımçı olacaqlarına əminliyin ifadə edən Kamal Abdulla, həmçinin rumın dili və mədəniyyəti mərkəzində rumın dili ilə yanaşı, latın dilini tədris edən mütəxəssislərin olmasını təklif edib.
ADU-da rumın dilinin tədrisinə önəm verilməsini yüksək qiymətləndirən E.Soare “Erasmus” proqramı üzrə reallaşan layihələrdən danışıb. O, ADU ilə tərəfdaşlığın inkişaf etdirilməsinin Piteşti Universitetinin rəhbərliyinin diqqət mərkəzində olduğunu deyib. Qonaq, həmçinin ADU-nun xarici dillərin öyrədilməsi baxımından ölkənin qabaqcıl universitetlərindən olduğunu söyləyib. Prorektor təmsil etdiyi ali məktəbin əcnəbi tələbələrə rumın dilini öyrədən qədim universitetlərdən sayıldığını diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq perspektivləri, birgə layihələr, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar ADU-nun rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbələrlə görüşüblər.