CƏMİYYƏT
Piyadanı avtomobillə vuraraq hadisə yerindən yayınan sürücü polis tərəfindən saxlanılıb
Bakı, 4 aprel, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla H.Məmmədzadənin martın 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyənləşdirilib.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.