İQTİSADİYYAT


Polietilen torba istehsalçıları ilə əmtəə bazarındakı vəziyyət müzakirə olunub

Bakı, 18 yanvar, AZƏRTAC

2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinin qanunla qadağan edilməsi ilə əlaqədar mövcud vəziyyətin müzakirəsi məqsədilə polietilen torbaların iri istehsalçıları və ticarət şəbəkələrinin rəhbərləri ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində görüş keçirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qeyd olunan məsələ ilə bağlı əmtəə bazarındakı vəziyyət müzakirə edilib, sahibkarların təklifləri dinlənilib və onlara qanunvericiliyin tələbləri izah olunub, qanun pozuntusu aşkar ediləcəyi təqdirdə ciddi məsuliyyət tədbirlərinin görüləcəyi deyilib. Bundan başqa, Dövlət Xidməti tərəfindən polietilen torbaların idxalını həyata keçirən sahibkarların telefon nömrələrinə maarifləndirici SMS-lər də göndərilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərini qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.