CƏMİYYƏT
Polis əməkdaşları arasında yarış keçirilib
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi ilə əlaqədar ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 11 komandanın iştirakı ilə xidməti çoxnövçülük yarışı keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Respublika Olimpiya Manejində keçirilən bu yarışda turnir iştirakçıları qarşısında çıxış edən Olimpiya çempionu, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətini, azadlığımızın qazanılmasında fəaliyyətini yüksək dəyərləndirərək, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra onun qorunması, daimi, əbədi olması üçün ulu öndər Heydər Əliyevin misilsiz işlər gördüyünü vurğulayıb. Bildirib ki, Ümummilli Lider müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirib.
Sonra Azərbaycanın dövlət himni səslənib.
Yarış iştirakçıları gimnastik hərəkətlərin yerinə yetirilməsi, 100 və 1000 metr məsafələrə qaçış üzrə güc, dözüm və cəhdliklərini sınayıblar. Gimnastik hərəkətlərin yerinə yetirilməsində Əlahiddə Çevik Polis Alayının əməkdaşı Cavid Musayev ən yaxşı nəticəni göstərib. Yüz metr məsafəyə qaçışda DİN Daxili Qoşunların hərbi qulluqçusu Rza Sədrəddinov finişə hamıdan tez çatıb. Min metr məsafəyə qaçışda da Əlahiddə Çevik Polis Alayının təmsilçisi Röyal Məmmədov hamıdan yaxşı nəticə göstərib.
Ümumi nəticədə Əlahiddə Çevik Polis Alayının komandası turnirin qalibi olub. Daxili Qoşunların hərbi qulluqçuları ikinci, A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin komandası üçüncü yeri tutub.
Yarışları DİN İdman Cəmiyyətinin əməkdaşları əməkdar məşqçi polis polkovnik-leytenantı Mülayim Xıdırov və Elnur Həsənov idarə edib.
Qaliblərə “Fəxri fərman”, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.