CƏMİYYƏT


Polis əməkdaşları xüsusi karantin rejiminə əməl etməyən yaşı 65-dən yuxarı şəxslərlə profilaktik söhbətlər aparıb

Bakı, 24 mart, AZƏRTAC

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 2020-ci il martın 24-də saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib. Qeyd edək ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan göstərişin icra edilməsi məqsədilə təyin edilmiş polis naryadları tərəfindən paytaxt ərazisində müşahidələr aparılıb. Park və xiyabanlarda polislər tərəfindən görülən tədbirlər zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib. Həmin şəxslərə Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Bundan sonra yaşı 65-dən yuxarı şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.