SİYASƏT


Politoloq: “Amnesty International” və “Human Rights Watch”un hesabatları göstərdi ki, həqiqəti gizlətmək mümkün deyil

Bakı, 31 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Dünyanın nüfuzlu “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri bir daha göstərdi ki, həqiqəti heç kimdən gizlətmək mümkün deyil.

Bu təşkilatların nümayəndələri hadisə yerində olub və araşdırma aparıblar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombalardan istifadə etdiyinə dair açıqlama yaymaları artıq dünya ictimaiyyətinin erməni vandalizminə və terrorizminə göz yuma bilmədiyini göstərir. Bu, bizim qələbəmizdir, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik üstünlüyünün təsdiqidir. Düşünürəm ki, bu təşkilatların hesabatları əsasında beynəlxalq məhkəmələrə müraciət edə bilərik. Cinayət aktları törətməkdə davam edən Ermənistana qarşı təzyiqlər göstərilməlidir. İndiyədək törətdiyi əməllərə görə cəzasız qalan işğalçı ölkənin beynəlxalq miqyasda cavabı verilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ermənistan tərəfi illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayır və həqiqəti hamıdan gizli saxlamağa çalışır. İşğalçı ölkə əzəli torpaqlarını zəbt etdiyi Azərbaycana qarşı iftiralar yağdırır, böhtan xarakterli bəyanatlar verir. Burada məqsəd təbii ki, dünya ictimaiyyətinin rəyini öz xeyrinə dəyişməkdir. Onlar belə təsəvvür yaratmağa çalışırlar ki, Azərbaycan guya dinc əhalini hədəfə alır və mülki obyektlərə zərbə endirir.

“Təəssüflər olsun ki, sentyabrın 27-dən etibarən - yəni, Azərbaycan Ordusu düşmənin hərbi təxribatına cavab olaraq əks-hücuma başlayandan Ermənistanın mülki əhaliyə qarşı törətdiyi əməlləri daha geniş vüsət almağa başlayıb. Düşmənin Gəncə və Bərdəni raketlə vurması, Beyləqan, Ağcabədi və digər əraziləri artilleriyadan atəşə tutması faktdır və dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri də bunun şahidi oldular. Ermənistan mülki əhalini və yaşayış obyektlərini hədəfə almaqla insanlar arasında təşviş yaratmaq məqsədi güdür. Günahsız insanlar Ermənistanın terror aktlarının qurbanına çevrilirlər. İndiyədək 90-dan çox mülki şəxs vəfat edib, 400-dən artıq dinc sakin yaralanıb. Həlak olanlar arasında uşaqlar da var. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Bizim hədəfimiz hərbi obyektlərdir. Düşmənin döyüş meydanında məğlubiyyətin əvəzini dinc insanlardan çıxması yolverilməzdir və cinayətdir”, - deyə İlqar Vəlizadə qeyd edib.

Politoloq diqqətə çatdırıb ki, Ermənistan çirkin məqsədlərinə çatmaq üçün beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş silahlardan istifadə edir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, dünya birliyi Ermənistanın qanunsuz əməllərinə çevik reaksiya vermədilər. “Nə qədər gec olsa da, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının hadisəyə münasibət bildirməsi müsbət haldır. Ümid edirik ki, dünyanın nüfuzlu təşkilatlarının obyektivliyi Ermənistanı öz çirkin əməllərindən çəkinməyə kömək edəcək və cinayətkar öz cəzasını alacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.