Politoloq: Azərbaycan Almaniya ilə yeni münasibətlər sisteminə qədəm qoyur
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Azərbaycanın Almaniya ilə yeni münasibətlər sisteminə qədəm qoyacağını demək olar. Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əməkdaşlığın yeni meyarlarını müəyyənləşdirəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Aİ arasında enerji təhlükəsizliyi ilə bağlı imzalanan yeni layihələr ölkəmizin Avropada mövqeyinin xeyli güclənməsi ilə nəticələnib. Bu gün Avropa Parlamenti kimi korrupsiya və Fransa çirkabının məskənləri Qərbin Azərbaycana münasibətini əsla ehtiva etmir. Mərkəzi və Şərqi Avropadan Qərbə doğru dərk edilən ciddi Azərbaycan reallığı var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, Azərbaycan Prezidenti indi dünyanın vacib ölkələrinə dayanmadan səfərlər edir. Nüfuzlu siyasətçilər Azərbaycana səfərə gəlirlər. Qoşulmama Hərəkatının Bakıdakı Zirvə görüşü və Qlobal Bakı Forumun ardından Almaniyaya Azərbaycan Prezidentinin səfəri yeni imkanlar yaradır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Berlində Almaniyanın önəmli biznesmenləri ilə vacib görüşlər keçirdi. Bunlar bizim münasibətləri yeni məcraya daxil edir. İşğaldan azad edilən ərazilərə alman investisiyalarının cəlbi, Almaniya və Azərbaycan arasında yeni əməkdaşlıq imkanları baxımdan da belə səfərlərin xüsusi önəmi danıla bilməz.
Ekspert deyib ki, Almaniya uzun müddət Fransanın təhrikləri ilə media səviyyəsində Azərbaycana qarşı dezinformasiya savaşının məkanı olub. Hələ də Almaniya ərazisində müəyyən ekstremist fikirli antimilli ünsürlər ölkəmiz əleyhinə hücumlar edir. Amma postpandemiya dövrünün iqtisadi reallıqları və Azərbaycanın geopolitik mövqeləri Almaniyanın bizimlə bağlı siyasətində müəyyən korrektələri labüd edir.
Tural İsmayılov əlavə edib ki, iki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə, "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında zavod inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, Göygöl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.
Politoloqun fikrincə, Azərbaycanın Qərbi Avropa ölkələri arasında ilk səfirliyini 1992-ci ildə məhz Almaniyada açması bu baxımdan təsadüfi hesab oluna bilməz. 12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası açılıb. Alman-Azərbaycan Xarici Ticarət Palatasının hər iki tərəfdən təxminən 150 üzvü var.
Azərbaycan Almaniya ilə əməkdaşlığı dərinləşdirməklə öz mövqelərini Qərbi Avropada daha da güclü edəcək.
Xəbərin mətnində orfoqrafik səhv var