SİYASƏT
Politoloq: Prezident İlham Əliyevin Praqa, Bişkek və Astanaya səfərləri Azərbaycanın qlobal siyasi gücə çevrildiyini göstərir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan hazırda dünya siyasi gündəmini müəyyənləşdirən ölkələrdən biridir. Prezident İlham Əliyevin siyasi xətti, uğurlu diplomatik addımları indi Avropadan Asiyaya qədər geniş bucaqda maraqla qarşılanır. Dövlətimizin başçısı dünyasəviyyəli təşkilatlarda vacib çıxışlar edir, həll modelləri və gələcəyə yönəlik təkliflər səsləndirir. Prezident İlham Əliyevin şəxsi nüfuzu, liderlik keyfiyyətləri və dünyasəviyyəli siyasi biliyi Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməyi ilə müşahidə edilir. Ölkəmiz hazırda təkcə siyasi deyil, təhlükəsizlik, iqtisadi, humanitar və mədəni anlamda bütün dünyanın diqqətinə səbəb olan ölkədir. Dövlətimizin başçısının pandemiyanın ən kəskin dövründə koronavirus bəlasına qarşı mübarizəsi, belə həssas dövrdə Qarabağı işğaldan azad etməyi və qısa zaman nəzdində bu qədər işlər görməyi hər yerdə təqdir edilir. Həmçinin ölkəmizin uğurlarının artması Azərbaycanın təmsil olunduğu təşkilatlarda da mövqelərimizin daha da güclənməyinə səbəb olur. Azərbaycan təmsil olunduğu təşkilatlara əvəzedilməz töhfələr bəxş edir.
Praqada əldə etdiyimiz növbəti diplomatik qələbədən sonra Azərbaycan Prezidentinin Qırğızıstan və Qazaxıstan səfərinin vacib xüsusiyyətləri var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın mövqeyi Avropadan Mərkəzi Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər böyük coğrafi areallarda maraqla izlənilir. Ölkəmiz həm Qoşulmama Hərəkatı, həm də Türk Dövlətləri Təşkilatında (TDT) vacib layihələrin həyata keçirilməsində əsas icraçılardan biridir. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra TDT nəzdində əlaqələr daha da gücləndi. Qırğızıstan Azərbaycanın əməkdaşlıq etdiyi ən önəmli Mərkəzi Asiya ölkələrindən biridir. Bütövlükdə nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının nəzdində inteqrasiyanın, eyni zamanda, dövlətlərarası münasibətlərin inkişafında vacib və kilid nöqtələrdən birini təmsil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov söyləyib.
Politoloq qeyd edib ki, ölkəmiz region dövlətlərinin bir çox sahələr üzrə koordinasiya edilməsi, həmçinin Türk Dövlətləri Təşkilatının tərkibində ayrı-ayrı ölkələri ilə əlaqələrin daha da kompleksləşdirilməsi, gücləndirilməsi yönündə böyük siyasi kurs həyata keçirir. Bu gün Qırğızıstan-Azərbaycan əlaqələri kifayət qədər yüksək səviyyədədir. Bu iki ölkə təkcə siyasi deyil, eyni zamanda, iqtisadi, mədəni, humanitar sahələrdə geniş vektorlu əməkdaşlıq həyata keçirirlər. Bu baxımdan, Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etdirilməsi qarşıya qoyulan prioritet hədəflərdəndir.
Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin daha əvvəl Qazaxıstan, Özbəkistan və Qırğızıstanla bir çox sahələr üzrə müqavilələr imzalayıb. Eyni zamanda, Qırğızıstana səfər edərək bir çox layihələrlə bağlı razılığa gəlib. Ölkəmizin Mərkəzi Asiyada aparıcı qüvvələrdən birinə çevrilməyi TDT-nin qlobal mövqelərinə də güclü təsir göstərir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən, Qoşulmama Hərəkatında, BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində əməkdaşlıq edirlər. Eyni zamanda, Azərbaycan Qazaxıstanla da Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası kimi mühüm təşkilatlarda əməkdaşlıq edir.
“2009-cu ildə Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının 9-cu Zirvə Görüşü zamanı Qırğız Respublikasının Prezidentinin “türkdilli ölkələrin əməkdaşlıq şurasının yaradılması haqqında saziş türkdilli dövlətlərin birləşməsi üçün nadir şans verir” bəyanatı da təşkilatın üzvü olan dövlətlərin başçıları tərəfindən dəstək qazandı və Zirvə Görüşünün sonunda prezidentlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini və türkdilli ölkələrin dövlət başçılarının 9-cu Sammitinin yekunu olaraq Naxçıvan Bəyannaməsini imzaladılar. Qırğızıstan Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir, bəzən isə həlli üçün müəyyən fəallıq göstərməyə də çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi Bişkek şəhərində imzalanmışdı.
Azərbaycanla Qazaxıstan arasında da əlaqələr yüksək səviyyədədir. Bunu bu iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri də sübut edir. İndiyədək ölkələrimiz arasında əlaqələrin inkişafına dair 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ötən il Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub”, - politoloq söyləyib.
T.İsmayılov qeyd edib ki, bu ilin son 6 ayı ərzində əvvəlcə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana, bu günlərdə isə Prezident İlham Əliyevin Qırğızıstana və Qazaxıstana səfərləri bu ölkələr arasında əlaqələrin strateji səviyyəsini göstərir.
Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişi təsdiq etməsi, ardınca Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşməsi Azərbaycanın Türk dünyası daxilində yeni hərbi əməkdaşlıq modellərinə dəstəyini də özündə ehtiva edir. Azərbaycan hazırda türk xalqlarının yaxınlaşmağı və inteqrasiyasının, əməkdaşlığının dərinləşdirilməyi prosesində aparıcı gücdür. Ölkəmizin TDT-nin aparıcı təşkilat olmağı üçün atdığı addımlar, verdiyi töhfələr digər üzv ölkələr tərəfindən də təqdir edilir. Hesab etmək olar ki, postpandemiya dövrünün ən vacib təşkilatlarından biri, heç şübhəsiz, TDT olacaq.
Ekspert bildirib ki, Praqa səfərindən sonra Prezident İlham Əliyevin Qırğızıstan və Qazaxıstana səfəri ölkəmizin qlobal siyasi güc olduğunu göstərir. Dövlətimizin başçısı Avropada da, Mərkəzi Asiyada da, Qoşulmama Hərəkatına böyük töhfələr verməyi baxımından Amerikadan Çinə qədər bütün qlobal məkanda sözünə etibar edilən siyasi liderdir. Belə ki, Azərbaycan Prezidentinə olan beynəlxalq rəğbət ölkəmizin qlobal mövqelərinin güclənməyi ilə nəticələnir.