ELM VƏ TƏHSİL
Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin alimləri Fizika İnstitutunun fəaliyyəti ilə tanış olublar
Bakı, 11 mart, AZƏRTAC
Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin materiallar fizikası şöbəsinin müdiri Yaçek Yaqielski və material tədqiqatlar laboratoriyasının rəhbəri Lukas Kurpaska Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə direktor, akademik Nazim Məmmədov qonaqlara müəssisənin əsas fəaliyyət istiqamətləri və burada əldə olunan mühüm elmi nəticələr barədə ətraflı məlumat verib. Bundan əlavə, iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonra polşalı alimlər Fizika İnstitutunun innovasiya sektoru ilə tanış olub, burada quraşdırılan müasir cihazlar barədə məlumat alıblar.
Görüşdə Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və başqaları iştirak ediblər.