DÜNYA
Polşa və Slovakiya qaz kəməri şəbəkələrini birləşdirən xəttin açılışı olub
Bratislava, 27 avqust, AZƏRTAC
Ukrayna böhranından sonra qaz təminatında yaranmış çətinlikləri və asılılığı azaltmaq üçün Slovakiya və Polşa öz milli qaz kəməri şəbəkələrini birləşdirmək qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin sərhədində yerləşən Stratoxina qəsəbəsində keçirilən rəsmi açılış mərasimində Polşanın Baş naziri Mateuş Moravietski və Slovakiyanın Baş naziri Eduard Heqer iştirak ediblər. Qeyd edilib ki, qaz tədarükünün şaxələndirilməsinə imkan verəcək boru kəməri Mərkəzi Avropa ölkələrinin Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.
Yeni kəmərin sayəsində Slovakiya Norveçdən təbii qaz və maye qaz ala biləcək, Polşa isə İtaliya və Slovakiyadan keçməklə Əlcəzair təbii qazına çıxış əldə edəcək. Hazırda Slovakiyanın Rusiyadan aldığı qazın həcmi böhrandan əvvəlkinin 40 faizinə düşüb, Rusiyadan Polşaya qaz nəqli isə tamamilə dayandırılıb.
Qarşılıqlı birləşdirici boru kəmərinin uzunluğu təqribən 164 kilometr olmaqla, 61,3 kilometr hissəsi Polşa, 103 kilometr hissəsi isə Slovakiya ərazisindən keçir. Boru kəmərinin tikintisinə 2018-ci ilin payızında başlanılıb və Aİ-nin vəsaitləri hesabına birgə maliyyələşdirilib. Ukrayna böhranı illik nəql gücü 5 milyard kubmetr təşkil edən layihənin əhəmiyyətini daha da artırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava