ELM VƏ TƏHSİL
Portuqaliyada “İKT, cəmiyyət və insanlar” mövzusunda XII beynəlxalq konfrans təşkil olunacaq
Bakı, 7 mart, AZƏRTAC
İyulun 16-dan 19-dək Portuqaliyanın Porto şəhərində “Kompüter elmləri və informasiya sistemləri üzrə XIII silsilə konfranslar” (13th Multi Conference on Computer Science and Information Systems MCCSIS 2019) çərçivəsində “İKT, cəmiyyət və insanlar” mövzusunda XII beynəlxalq konfrans keçiriləcək.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda İKT-nin bəşəriyyətə təsiri, İKT, fərdlər və cəmiyyət arasında qarşılıqlı əlaqələr müzakirə olunacaq.
İştirak etmək istəyənlər məqalələrini aprelin 1-dək qeydiyyatdan keçirə bilərlər.
Konfransa təqdim olunan ən yaxşı materiallar “INSPEC”, “Elsevier”, “Scopus”, “Web Science”, “EBSCO” və digər əhəmiyyətli bazalarda indeksləşdiriləcək.
Qeyd edək ki, tədbir İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiya tərəfindən təşkil olunur.