DÜNYA
Prado Muzeyinin 200 illiyi tamam olub
Madrid, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Madridin Prado Milli Muzeyi özünün 200 illik yubileyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, İspaniyanın ən populyar muzeyi 2018-ci ildə 2,9 milyon ziyarətçi qəbul edib. Bundan başqa, bir il ərzində bu mədəniyyət ocağı 700 min nəfərin ziyarət etdiyi səyyar tədbirlər də təşkil edib. İspaniyanın müxtəlif şəhərlərində 321 min nəfər, xarici ölkələrdə isə 458 min nəfər bu tədbirlərdə iştirak edib. Beləliklə, Pradonun ziyarətçilərinin ümumi sayı 37 milyon nəfərə çatıb.
Muzeyin 200 illik yubileyinə həsr olunmuş ilk böyük tədbir onun tarixindən bəhs edən “Museo del Prado 1819-2019. Un lugar de memoria (xatirə məkanı) sərgisi olub. İspaniya Kralı VI Felipe və kraliça Letisiya sərginin açılışını ediblər. Burada Pradonun tarixinə aid 168 mühüm əl işi, əlavə olaraq fotoşəkillər, plakatlar, kitablar, xəritələr, qrafik və audiovizual materiallar nümayiş etdirilir.
“Musement” portalı Prado Muzeyini dünyanın əsas turizm məkanları siyahısına daxil edib.
Prado Muzeyi 1819-cu il noyabrın 19-da təntənəli şəkildə ziyarətə açılıb. Kral VII Ferdinandın xanımı Kraliça Mariya İzabella de Braqansanın təşəbbüsü ilə memar Xuan de Vilyanuevanın layihəsini verdiyi Təbiətşünaslıq Muzeyinin binası krallığın rəssamlıq kolleksiyasının qorunub saxlanıldığı əsas məkana çevrilib. Sonradan əldə olunan əsərlər və ayrı-ayrı şəxslərin hədiyyələri sayəsində rəssamlıq qalereyasının kolleksiyası daha da genişlənib. Velakesin “Menina” və Qoyanın “1808-ci ilin mayında Madriddə” məşhur tabloları ilə yanaşı, muzeyin zallarında ispan, italyan, flamand rəssamlıq nümunələri də təqdim edilib. Pradonun ən qiymətli kolleksiyasına 8 600 tablo və 700-dən artıq heykəl daxildir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid