MƏDƏNİYYƏT
Praqada kitab təqdimatı keçirilib VİDEO





Praqa, 10 noyabr, AZƏRTAC
Zəfər Günü və “Şuşa İli” ilə əlaqədar Azərbaycanın Çex Respublikasındakı səfirliyi tərəfindən keçirilmiş tədbirlər çərçivəsində Çexiyada yaşayan azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyi, Britaniya Şairlər Cəmiyyəti və Avropa Ədəbiyyatşünaslar Konqresinin üzvü Leyla Begimin “Qarabağnamə” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Adış Məmmədov, ölkəmizə qarşı təcavüzkar siyasət yeridən Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, bu ərazilərdə yaşayan 750 mindən artıq insanın köçkün hala çevrilməsi, işğal olunmuş ərazilərin ermənilər tərəfindən viran edilməsi və azərbaycanlılara məxsus mənəvi irsin yer üzündən silinməsi faktlarından danışıb. Azərbaycan Ordusunun apardığı 44 günlük müharibə ilə 30 illik erməni işğalına son qoyub ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini bildirən səfir, azərbaycanlı qələm əhlinin də vətənin taleyinə biganə qalmadığını, dağıdılmış, viran qoyulmuş elinin-obasının iztirablarını yaşadığını və bu acılarını sətirlərə tökdüklərini qeyd edib. Çex dilində çap olunan “Karabachname” kitabının da şairə Leyla Begimin vətənin taleyi ilə bağlı ürək ağrıları və göz yaşlarının məhsulu olduğunu bildirən səfir, xanım Leyla Begimi bu gözəl kitaba görə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Kitabın mahiyyətindən danışan səfir, “mən ümid edirəm ki, bu kitabı oxuyan çex oxucuları erməni işğalına məruz qalmış Azərbaycan xalqının kədər və iztirablarına şərik olacaqlar” deyə bildirib.
Tədbirdə Leyla Begim çıxış edərək, kitabın çex dilində çap olunması və təqdimat mərasiminin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Çex Respublikasındakı səfirliyinə, şəxsən səfir Adış Məmmədova dərin təşəkkürünü bildirib. Sonra Leyla Begim “Karabachname” kitabına daxil olan Qarabağ tarixinin müxtəlif dövrlərini, xüsusilə də erməni işğalı və Ordumuzun 30 ildən sonra işğala son qoyub vətənimizin ərazi bütövlüyünü təmin etdiyi dövrləri əhatə edən şer, esse və povestləri haqqında geniş məlumat verib. Bu əsərlərinin bəzilərinin indiyə qədər müxtəlif dillərdə və müxtəlif nəşrlərdə çap olunduğunu bildirən Leyla Begim, hətta Bakıda Miniatür Muzeyində də miniatür kitabının saxlanıldığını qeyd edib.
Kitaba “Ön söz” Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçı Anar tərəfindən yazılıb və kitab çex dilinə tanınmış tərcüməçi Milan Dvorjak tərəfindən tərcümə edilib.
Tədbirin sonunda kitabın imzalanma mərasimi keçirilərək kitabın nüsxələri iştirakçılara paylanılıb.
Tədbirdə Praqadakı diplomatik korpusun nümayəndələri, çex ədəbi ictimaiyyətinin üzvləri, jurnalistlər və Azərbaycan diaspor nümayəndələri iştirak edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa