RƏSMİ XRONİKA


Prezident İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidentinə “Dostluq” ordeni təqdim edib YENİLƏNİB VİDEO

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirdi. Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd etdi və ordeni ona təqdim etdi.

Marianna Vardinoyannis bu mükafatın verilməsinin onda böyük qürur hissi doğurduğunu bildirdi. “Dostluq” ordeninə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Marianna Vardinoyannis Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərinin böyük maraqla izlənildiyini dedi. O, Mehriban Əliyevanın beynəlxalq layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin