SİYASƏT


Prezident İlham Əliyev: Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib VİDEO

Bakı, 29 sentyabr, AZƏRTAC

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi. Daha sonra isə Azərbaycan özü donor ölkəyə çevrildi. Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərib. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir.

“Pandemiya bizim iqtisadiyyata da təsir etmişdir. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.

Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.

Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”, - deyə Prezident qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.