RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb YENİLƏNİB VİDEO 

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Abdel Fattah Abdelrahman Al-Burhan Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliyini vurğuladı. Abdel Fattah Abdelrahman Al-Burhan Azərbaycanın inkişafının, ölkəmizdə olan sabitliyin və əmin-amanlığın, paytaxt Bakının gözəlliyinin onda böyük təəssürat yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişafına və həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyini dedi.

Görüşdə Azərbaycan ilə Sudan arasında iqtisadi-ticari, elm-təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin