SİYASƏT


Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarında hərbçilərlə birlikdə olması onlara göstərilən qayğının, dəstəyin ifadəsidir

Bakı, 28 iyun, AZƏRTAC

Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza dəfələrlə səfər edib. Bu səfərlər müxtəlif təyinatlı və məqsədli olur. Xarici ölkə rəhbərləri ilə görüş, beynəlxalq və milli əhəmiyyətli mədəniyyət tədbirlərində iştirak, quruculuq, bərpa işlərində təməlqoyma və açılışlarla müşayiət olunur. Yəni, bu səfərlərin hər biri özünəməxsusluğu ilə seçilir, lakin hamısı siyasi, iqtisadi, hərbi mahiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyev bu səfərlərdə keçmişdə münaqişənin həlli ilə bağlı aparılmış danışıqlar barədə, günümüzdə görülən quruculuq, bərpa işləri, gələcək planlar və regional siyasətlə əlaqəli çıxışlar edir. Ona görə də belə səfərləri təkcə bizim ictimaiyyət deyil, Ermənistan və regionda maraqlı olan ölkələr də diqqətlə izləyir və müzakirə edir.

Dövlətimizin başçısının son səfərinin Silahlı Qüvvələr Günündə olması heç də təsadüfi deyil. Belə bir gündə Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkənin ən çətin coğrafi relyefinə malik Kəlbəcər və Laçın rayonlarında hərbçilərlə birlikdə olması onlara göstərilən qayğının, dəstəyin ifadəsidir.

“Prezident İlham Əliyev səfər çərçivəsində yeni komando hərbi hissəsinin açılışını edib və döyüş bayrağını təqdim edib. Komando birliklərinin yaradılması tarixi Qələbəmizdən sonra ordu quruculuğumuzu Türkiyə Respublikasının Silahlı Qüvvələri tipində yenidən formalaşdıracağıq fikri istiqamətində görülən işlərdir. Səfərlər çərçivəsində yeni–yeni layihələrin təməli atılır və ya tikintisi bitmiş layihələrin açılışı edilir. Əlbəttə, bütün bunlar regionun inkişafına, ərazidə yaşayacaq sakinlərin məşğulluğuna xidmət edəcək. Yenidənqurma və bərpa işləri üçün əvvəlcə ərazinin təhlükəsizliyini təmin edəcək şərait yaradılır, hərəkət üçün yol - nəqliyyat, hava limanları, kommunal xidmətlər infrastrukturu qurulur, köçürüləcək sakinlərə məşğulluğun və iş yerlərinin yaradılması üçün müəssisələr hazırlanır. Həmçinin kənd təsərrüfatı sahələrinin becərilməsi üçün suvarma sistemləri, su anbarlarının inşası həyata keçirilir.

Y.Hacızadə əlavə edib ki, dövlətimizin başçısının səfərləri, aparılan işlər yaranmış yeni siyasi şəraitin geri dönüşünün olmayacağını göstərir. Ermənistan işğal etdiyi ərazinin maddi–mənəvi sərvətlərini talayıb. Eyni zamanda, işğal etdiyi ərazilərdə 30 il müddətində heç bir iş görməyib. Çünki düşmən ölkə torpaqların onlara məxsus olmadığını, nə vaxtsa sahibinə geri dönəcəyini bilirdi.

İşğaldan azad edilmiş ərazilərdə həyatın bərqərar olması, inkişafın təmin edilməsi, bölgənin coğrafi mövqeyinin verdiyi imkanlardan istifadə edərək beynəlxalq kommunikasiya sistemlərinin qurulması sahəsində dövlətin vahid siyasi xətti var. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin güclü lider kimi formalaşdırdığı xalqın birliyi, güclü ordu və iqtisadi sabitliyə əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.