SİYASƏT


Prezidentin köməkçisi: Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Ərazilərimizin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında quruculuq və məcburi köçkünlərimizin qayıdışı prosesinə mane olmaq, Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında maksimum dərəcədə çox xəsarət və ölüm hallarına səbəb olmaq idi. Minanın nə məqsədlə qoyulduğunu hər kəs başa düşür. Yəni, mina nə məqsədlə qoyulmasından asılı olmayaraq, öz qurbanını gözləyir. Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalarla kütləvi şəkildə çirkləndirilməsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ifadə edib.

Azərbaycanın bu məsələni beynəlxalq ictimaiyyət qarşısında da qaldırdığını vurğulayan Prezidentin köməkçisi bildirib: “Biz beynəlxalq ictimaiyyətə bir daha müraciət etmək istərdik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət, xüsusilə BMT və onun aidiyyəti strukturları tərəfindən də dəstəyin əsaslı şəkildə artırılmasına ehtiyac var”.

Hikmət Hacıyev deyib ki, mina insanlar arasında hər hansı bir fərq qoymur. Hər bir insan onun potensial qurbanı ola bilər. Ümumiyyətlə, cəmiyyətimizdə mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri aparılır. Bundan sonra da media vasitəsilə, müxtəlif sosial media imkanlarından istifadə edərək mina təhlükəsi barədə maarifləndirmənin artırılmasına ehtiyac var ki, insanlarımız bu dəhşətli bəlanın qurbanı olmasınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.